LƏNKƏRAN, 10 oktyabr. TELEQRAF
Oktyabrın 10-da saat 08:00 radələrində Lənkəran-Lerik yolunun Şovu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4 qadın, 1 kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicələri tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Məryəm Surxay
***
10:11
Lənkəranda baş verən yol qəzasında 2-si məktəbli, 2-si tələbə olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.
2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişinlər — 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir.
Məlumata görə, xəsarət alanlardan ikisi məktəbli, ikisi isə tələbədir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl eyni yolda baş verən qəza zamanı iki piyada — bacı və qardaş ölmüşdü.