BAKI, 7 oktyabr. TELEQRAF

Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

22:02

BAKI, 6 oktyabr. TELEQRAF

TƏBİB-in əməkdaşı Lamiyə Qanbayeva məişət zorakılığına məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə həmin qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova məlumat yayıb.

"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunur.

Qeyd edək Şirvan sakini, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı bu gün axşam saatlarında həyat yoldaşı tərəfindən bıçaqlanıb.

O, 11 bıçaq yarası alıb.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.