BAKI, 30 iyul. TELEQRAF
Rusiyanın Kamçatka yarımadasında 8,7 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı Teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, bu, 1952-ci ildən sonra baş vermiş ən güclü zəlzələdir.
Zəlzələ təkcə Rusiyada deyil, digər ölkələrə də təsir göstərib.
Artıq Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının Hanasaki limanında ilk sunami dalğası qeydə alınıb.
ABŞ-nin Honolulu Fövqəladə Hallar İdarəsi zəlzələnin yaratdığı sunami dalğaları təhlükəsi səbəbindən Havay adalarının bəzi sahil ərazilərinin təxliyə edilməsinə çağırıb.
Kamçatka regionunun qubernatoru sakinləri sahil xəttinə yaxınlaşmamağı məsləhət görüb.
Yaponiyanın Baş naziri Şigeru İşiba əhaliyə müraciət edərək, sunami xəbərdarlığı olan ərazilərdən təxliyə olunmağa çağırıb.
İşiba bildirib ki, hökumət əhaliyə hər hansı ziyan dəyməməsi üçün əlindən gələni edəcək, hərçənd hadisələrin necə cərəyan edəcəyi hələ məlum deyil.
***
03:55
Seysmоloqlar Petropavlovsk-Kamçatski şəhərindən 150 kilometr məsafədə 7,1 maqnitudalı güclü zəlzələ qeydə alıblar.
Teleqraf xəbər verir, yeraltı təkanlar şəhərdə təxminən 6 bal gücündə hiss edilib.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının mətbuat xidmətinin məlumatına görə, zəlzələnin ocağı yerin 17 kilometr dərinliyində yerləşib.