BAKI, 24 fevral. TELEQRAF

"Bu gün xarici işlər naziri Ceyhun Bayramov birgə Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ilə bağlı müzakirələr apardıq".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuad Oktay Türk şəhidliyi abidəsini ziyarət edərkən deyib.

"Görüşdə regional məsələlərə və ikitərəfli münasibətlərə toxunduq, onları dəyərləndirmək imkanı əldə etdik. Üçtərəfli münasibətlər çərçivəsində, xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları barədə çox ətraflı müzakirələr aparıldı. Sülh danışıqlarının son dərəcə müsbət getdiyini eşitməkdən məmnun olduq.

Bundan əlavə, bir çox yeni layihələr istiqamətində, istər Bakı-Tbilisi- Qars, istərsə də Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində müsbət inkişafların olduğunu və işlərin davam etdiyini öyrəndik. Bundan başqa, bu gün Azərbaycanın dünyada neft və qaz boru kəmərləri vasitəsilə ixracı və daşınması sahəsində ilk sırada olduğunu bir daha öyrənməkdən məmnunluq duyduğumuzu ifadə etmək istəyirik", - Fuad Oktay əlavə edib.