BAKI, 21 fevral. TELEQRAF

Britaniya kral ailəsi kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun ABŞ-də məhkum edilmiş maliyyəçi Ceffri Epşteynlə əlaqələri fonunda son 90 ilin ən ciddi böhranını yaşayır.

Teleqraf xəbər verir ki, "Reuters" yazır ki, III Çarlz cümə günü səhər qardaşının polis bölməsindən çıxarkən çəkilmiş fotolarını dünya mətbuatının ilk səhifələrində görüb. Endryu Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb və bu hadisə onun mərhum Ceffri Epşteynlə münasibətləri ilə bağlı ictimai qalmaqalı daha da dərinləşdirib.

“Respublika” kampaniya qrupunun rəhbəri Qrem Smit, məhz bu iş üzrə polisə şikayət edən tərəflərdən biri olaraq, həbsi monarxiyanın mövcudluğuna qarşı arqument kimi qiymətləndirib və bunun instituta ciddi zərbə vurduğunu bildirib. Endryu Mauntbatten-Vindzor isə Epşteynlə bağlı hər hansı qanunsuzluqda günahını inkar edir və bu dostluqdan peşman olduğunu deyir.

Vindzorlar evi tarix boyu bir sıra qalmaqallar və böhranlarla üzləşib. Şahzadə Diananın boşanması və 1997-ci ildə vəfatı, daha sonra şahzadə Harrinin həyat yoldaşı Meqanla birlikdə ailənin rəsmi vəzifələrindən imtina etməsi və ABŞ-dan monarxiyanı tənqid etməsi kimi hadisələr buna misal göstərilir. Lakin hazırkı vəziyyət – yüksək vəzifəli kral ailəsi üzvünün istintaqa cəlb edilməsi və həbs olunması – presedentsiz sayılır və monarxiyanı 1936-cı ildə kral VIII Eduardın taxtdan imtina etməsindən bəri ən ciddi sınaqla üz-üzə qoyur.

"Reuters"ə danışan, adının açıqlanmasını istəməyən keçmiş yüksək vəzifəli kral köməkçisi bildirib ki, bu böhran ailənin nəzarət edə bilmədiyi proseslər fonunda daha da ağır görünür və hələ hansı sənədlərin üzə çıxacağının bilinməməsi vəziyyəti mürəkkəbləşdirir.

Məlumata görə, kral ailəsi artıq Endryunu mümkün qədər kənarlaşdırıb: onun titulları əlindən alınıb, iqamətgahı geri alınıb və ictimai fəaliyyətlərdən uzaqlaşdırılıb. Xərçəng xəstəliyi ilə müalicə alan III Çarlz və kraliça Kamilla sui-istifadə qurbanları ilə həmrəyliklərini ifadə ediblər. Şahzadə Uilyam və həyat yoldaşı Keyt isə Epşteynlə bağlı sənədlərdə yer alan məlumatlardan “dərin narahatlıq” keçirdiklərini bildiriblər.

Kralın qardaşının həbsi ilə bağlı verdiyi “Qoy qanun öz sözünü desin” açıqlaması da ailənin ondan daha da məsafə saxladığını göstərən mesaj kimi qiymətləndirilir.

"YouGov"un yanvar ayında apardığı sorğuya görə, britaniyalıların cəmi 3 faizi kralın kiçik qardaşına müsbət yanaşır, təxminən 90 faizi isə onun haqqında mənfi fikirdədir. Bununla yanaşı, kral ailəsinin digər üzvləri, xüsusilə şahzadə Uilyam və III Çarlz cəmiyyətdə daha yüksək etimada malikdirlər.

Endryu Mauntbatten-Vindzorun saxlanılması onun ticarət üzrə elçi olduğu dövrdə hökumətə məxsus məxfi sənədləri Epşteynə ötürdüyü iddiaları ilə bağlıdır. Keçmiş köməkçinin sözlərinə görə, III Çarlz vaxtilə qardaşının bu vəzifəyə təyin edilməsinə ehtiyatla yanaşıb, şahzadə Uilyam isə ümumiyyətlə onunla münasibət saxlamayıb.

Mənbə vurğulayır ki, bu qalmaqal monarxiyaya ciddi və uzunmüddətli zərər vura bilər, lakin hazırkı mərhələdə onun institutun tam süqutuna gətirib çıxaracağı gözlənilmir.