BAKI, 11 fevral. TELEQRAF
Federal Təhqiqat Bürosunun (FBI) yeni üzə çıxan müsahibə materialı ABŞ Prezidenti Donald Trampın məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynin əməllərindən xəbərsiz olduğu barədə əvvəlki bəyanatlarına dair sualları artırıb. Eyni vaxtda Trampın ticarət naziri Hovard Lütniq də maliyyəçi ilə əlaqələrinə görə Konqres üzvlərinin sərt sualları ilə üzləşib.
Teleqraf xəbər verir ki, "Reuters"in məlumatına görə, Ədliyyə Nazirliyinin Epşteynlə bağlı milyonlarla sənədi iki partiyanın dəstəyi ilə qəbul olunmuş qanuna uyğun olaraq açıqlamasından sonra qalmaqal Tramp administrasiyası üçün ciddi siyasi problem olaraq qalır. Sənədlər həmçinin xaricdə də böhranlara səbəb olub, çünki siyasət, maliyyə, biznes və akademiya sahələrində tanınmış şəxslərlə Epşteyn arasındakı əlaqələr barədə yeni detallar üzə çıxıb.
2019-cu ildə FBI tərəfindən aparılmış müsahibənin xülasəsinə görə, 2006-cı ilin iyulunda, Epşteynə qarşı ilk cinsi cinayət ittihamları ictimailəşəndə, Florida ştatının Palm-Biç şəhərinin polis rəisi Maykl Rayter Donald Trampdan zəng alıb. Sənəddə göstərilir ki, Tramp Rayterə “Yaxşı ki, onun qarşısını alırsınız, hamı bilirdi ki, o bunu edirdi” deyib.
Həmin sənədə əsasən, Tramp Rayterə Nyu-Yorkda insanların Epşteyn barədə məlumatlı olduğunu bildirib və onun yaxın adamı Gisleyn Maksveli “pis niyyətli” adlandırıb. Tramp, həmçinin, bir dəfə Epşteynin yanında yeniyetmələrin olduğu bir mühitdə olduğunu və bunu görən kimi oradan uzaqlaşdığını deyib.
2009-cu ildə təqaüdə çıxmış Maykl Rayter bu məlumatları ilk dəfə dərc edən “Mayami Herald” qəzetinə müsahibəsində FBI sənədində göstərilən detalları təsdiqləyib. Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, prezidentin 20 il əvvəl hüquq-mühafizə orqanlarına zəng etdiyini təsdiqləyən hər hansı əlavə sübut yoxdur.
Donald Tramp uzun illər Epşteynlə dostluq etdiyini, lakin onun ilk həbsi ərəfəsində münasibətlərin pozulduğunu deyib və dəfələrlə Epşteynin cinayətlərindən xəbərsiz olduğunu bildirib. Ağ Evin mətbuat katibi Karolin Levitt isə jurnalistlərə Trampın Epşteynlə əlaqələrini kəsməsi barədə “dürüst və şəffaf” olduğunu söyləyib və 2006-cı ildə zənglə bağlı suala cavab olaraq bunun olub-olmadığını bilmədiyini deyib.
Bu arada, Hovard Lütniq Senatda keçirilən dinləmələrdə Epşteynlə əlaqələrindən uzaq durmağa çalışıb və onunla demək olar ki, heç bir işi olmadığını iddia edib. Lakin Ədliyyə Nazirliyinin sənədlərinə daxil edilən elektron məktublar Lütniqin 2012-ci ildə Epşteynin Karib dənizindəki şəxsi adasında nahar etdiyini göstərir. Bu isə onun daha əvvəl 2005-ci ildən sonra Epşteynlə bütün əlaqələri kəsdiyi barədə dedikləri ilə ziddiyyət təşkil edir.
Bu açıqlamalardan sonra həm respublikaçılar, həm də demokratlar Lütniqin istefasını tələb ediblər. Lütniq isə Senatda bildirib ki, həyat yoldaşı da daxil olmaqla ailəsi ilə birlikdə həmin naharda iştirak etməsi təsadüf olub və o, heç bir yanlış iş görmədiyinə əmindir.
Respublikaçı konqresmen Tom Massi isə CNN-ə açıqlamasında Lütniqin “prezidentin işini yüngülləşdirmək üçün” istefa verməli olduğunu deyib. Ağ Ev isə Donald Trampın Lütniqi tam dəstəklədiyini bildirib.
Eyni zamanda Konqresdəki demokratlar insan alverinin qurbanı olmuş yetkin şəxslərin illər sonra da təcavüzkarlarını məhkəməyə verə bilməsini asanlaşdıran qanun layihəsi təqdim ediblər. “Virciniyanın Qanunu” adlanan təşəbbüs Epşteynin əsas ittihamçılarından biri olmuş və ötən il intihar etmiş Virciniya Cuffrenin adını daşıyır.
Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə Nyu-Yorkda həbsxana kamerasında məhkəməni gözləyərkən ölü tapılıb. Ölümü rəsmi olaraq intihar kimi qeydə alınsa da, bu hadisə illərdir müxtəlif sui-qəsd nəzəriyyələrinə səbəb olub. Epşteynin yaxın adamı olmuş və yeniyetmə qızların istismarına kömək etməkdə təqsirli bilinən Gisleyn Maksvel hazırda 20 il həbs cəzası çəkir və ABŞ Konqresində ifadə verməkdən imtina edib.