BAKI, 6 fevral. TELEQRAF
ABŞ Dövlət Departamenti ABŞ vətəndaşlarına İrandan dərhal çıxmağı tövsiyə edib və bunun üçün Ermənistan və ya Türkiyə üzərindən çıxış imkanlarını nəzərdən keçirməyi məsləhət görüb.
Teleqraf xəbər verir ki, ABŞ-nin xarici siyasət qurumu cümə axşamı yaydığı bildirişdə aviareyslərin qəfil dayandırılması ehtimalına diqqət çəkərək, amerikalılara “dərhal İranı tərk etməyi” bir daha xatırladıb. Sənəddə qeyd olunur ki, reyslərin ləğvi və ya gecikməsi əvvəlcədən xəbərdarlıq edilmədən baş verə bilər və aviaşirkətlər İrana uçuşları məhdudlaşdırmaqda və ya tamamilə dayandırmaqda davam edir.
Bildirişdə, həmçinin, ABŞ vətəndaşlarına internetdə əlavə fasilələrin ola biləcəyinə hazır olmaları, alternativ rabitə vasitələrindən istifadə etməyə hazırlaşmaları və təhlükəsiz olduğu təqdirdə İranı Ermənistan və ya Türkiyə üzərindən tərk etməyi nəzərdən keçirmələri tövsiyə olunur.
Qeyd edək ki, ABŞ və İranın Tehranın nüvə proqramı ilə bağlı danışıqları cümə günü Omanda keçirməsi gözlənilir. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.
ABŞ Prezidenti Donald Tramp yanvarın 26-da “nəhəng armada”nın İran istiqamətində hərəkət etdiyini bəyan etmiş, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşmaya razı olacağına ümid etdiyini bildirmişdi.