BAKI, 14 noyabr. TELEQRAF
Zəngilan rayonunun Məmmədbəyli kəndinə bu gün yola salınan köç karvanında yer alan sakinlərdən biri – Ləman Əzimova 32 ildən sonra doğma yurduna qayıdır.
Teleqraf xəbər verir ki, Məmmədbəyli sakini jurnalistlərə açıqlamasında doğma torpağa qovuşmağın sevincindən danışıb: “2 yaşımda kəndimizdən çıxmışam. Bu gün övladım və atamla doğma kəndimizə qayıdıram.”
L.Əzimova bildirib ki, uzun illərdən sonra doğma ocağına qovuşmaq onun üçün sözlə ifadə olunmaz duyğudur: “32 il sonra kəndimizi görəcəyim üçün çox xoşbəxtəm. Torpaqlarımız işğaldan azad ediləndən sonra ilk dəfədir kəndimizə gedirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizə bu günləri görməyi qismət etdilər. Arzu edirəm ki, hər birimiz doğma kəndimizə qayıdıb orada sağ-salamat yaşayaq.”
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə – 143 nəfərdən ibarət 30 ailə, Ağdam rayonunun Xıdırlı kəndinə – 219 nəfərdən ibarət 50 ailə yola salınıb.