BAKI, 28 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başlayıb.

Teleqraf xəbər verir ki, onun təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

M.Pezeşkianı Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılayıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

IRNA xəbər agentliyinin məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra prezidentlər arasında ikitərəfli görüş keçiriləcək və ardınca Azərbaycan və İran nümayəndə heyətləri arasında birgə iclas olacaq.

Görüşlərin sonunda iki ölkə arasında əməkdaşlığa dair sənədlərin imzalanması nəzərdə tutulub.

***

11:34

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşüb.

Teleqraf-ın xəbərinə görə, onun təyyarəsi Tehran aeroportundan havaya qalxıb.

Səfərdən əvvəl jurnalistlərin suallarını cavablandıran M.Pezeşkian bildirib ki, Azərbaycan və İran arasında əlaqələrin gücləndirilməsi üçün əlverişli zəmin mövcuddur.

"Biz də Azərbaycanda sevdiklərimizlə görüşməkdə maraqlıyıq. Bu səfər çərçivəsində iş adamlarımız, sənayeçilərimiz və alimlərimiz Azərbaycandakı tərəfdaşlarımızla danışıqlar aparacaq və biz əlaqələrimizi genişləndirməyə çalışacağıq. İran və Azərbaycanın dərin tarixi, mədəni və mənəvi bağlılığı var və ümid edirəm ki, bu əlaqələr ölkənin bütün sahələrdə inkişafı və böyüməsinə səbəb olacaq. Ümid edirik ki, səfər zamanı öz təcrübələrimizi bölüşə, ticarət və iqtisadiyyata birgə investisiyalar yatırmaq barəsində razılıq əldə edə bilərik. Biz dəhlizlərə birgə sərmayə qoymuşuq və bu əlaqə, yaxınlıq hər iki ölkənin inkişafına səbəb olacaq", - Prezident vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət, elmi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi vacibdir: "Eyni zamanda İran və Azərbaycan arasında nəqliyyatı asanlaşdıracaq dəhlizlərin yaradılması məsələsi də müzakirə olunacaq".

Qeyd edək ki, M.Pezeşkianı səfərdə ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arif, İranın ali rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi və başqa rəsmilər müşayiət edir.