Məşhur ermənipərəst, Rusiya Dövlət Dumasının keçmiş deputatı və hüquq müdafiəçisi Qalina Starovoytovanın kiçik bacısı Olqa Starovoytova Sankt-Peterburqda vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Feysbuk səhifəsində şəhər parlamentinin deputatı Boris Vişnevski məlumat verib.
1948-ci il təvəllüdlü O.Starovoytovanın ölüm səbəbləri və vida tarixi barədə hələlik məlumat verilməyib. O, Qalina Starovoytova Fondunun prezidenti idi.
Deputat və hüquq müdafiəçisi Qalina Starovoytova 1989-1991-ci illərdə SSRİ xalq deputatı, 1990-1993-cü illərdə Rusiyanın xalq deputatı, 1993-1998-ci illərdə isə Rusiya Dövlət Dumasının deputatı olub. O, 1998-ci il noyabrın 21-nə keçən gecə öldürülüb. 2002-ci ildə qətlin təşkili ittihamı ilə 6 nəfər, o cümlədən Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Yuri Kolçin həbs olunub. Y.Kolçin 20 il həbs cəzası alıb.
Q.Staravoytova Rusiyanın ilk prezidenti Boris Yeltsinin yaxın silahdaşı olmaqla onun komandasındakı ən qatı ermənipərəst, azərbaycanlılarla ermənilər arasındakı münasibətləri körükləyən şəxs idi. Təkcə bunu demək kifayətdir ki, o, 2002-ci ildə (ölümündən sonra) qondarma “dqr”in Mxitar Qoş adına medalına layiq görülüb.