BAKI, 3 avqust. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü keçiriləcək.

Teleqraf xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində Azərbaycan təmsilçisi “Qarabağ” da mümkün rəqibini öyrənəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qurban Qurbanovun komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub etsə də, II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandasına penaltilər seriyasında uduzub. Əsas və əlavə vaxtın qolsuz bərabərliklə başa çatdığı qarşılaşmalardan sonra keçirilən penaltilər seriyasında daha dəqiq oynayan Sofiya təmsilçisi növbəti mərhələyə yüksəlib, “Qarabağ” isə mübarizəsini Konfrans Liqasında davam etdirib.

“Köhlən atlar” hazırda Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) komandası ilə üz-üzə gələcək. İlk oyun avqustun 6-da səfərdə, cavab görüşü isə avqustun 13-də Bakıda keçiriləcək. “Qarabağ” bu mərhələni uğurla adlayacağı təqdirdə, pley-offdakı rəqibini bugünkü püşkatmada öyrənəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də keçiriləcək.