BAKI, 9 aprel. TELEQRAF

ABŞ ilə əldə olunmuş və İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşmasına baxmayaraq, İsrailin Livana hücumları razılaşmanın pozulması deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə “Tehran Times” qəzetinə İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi məlumat verib.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, ABŞ ilə əldə edilən atəşkəs razılaşması Livan da daxil olmaqla bütün cəbhələri əhatə edir. O, İslamabad şəhərində cümə günü keçirilməsi planlaşdırılan ABŞ-İran görüşlərinə işarə edərək bildirib ki, Livana hücumlar dayanmasa, danışıqlar baş tutmayacaq.

Livandakı hücumların dayandırılması İranın 10 maddəlik atəşkəs planının əsas hissəsidir. O, həmçinin iddia edib ki, İranın xəbərdarlıqlarından sonra İsrailin hücumlarının miqyası azalıb və "Hizbullah" İsrailə ciddi zərbələr endirib.