
TBİLİSİ, 24 aprel. TELEQRAF
Tbilisidə dünya şöhrətli rəssam-monumentalist, heykəltəraş Zurab Sereteli ilə vida mərasimi keçirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Z.Sereteli adına Müasir İncəsənət Muzeyində təşkil olunmuş tədbirdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Gürcüstanın bir sıra dövlət qurumları və təşkilatları mərasimə əklillər göndəriblər.
Qeyd edək ki, vida mərasimi sabah da davam edəcək. Z.Sereteli aprelin 26-da Tbilisidəki Didube panteonunda dəfn olunacaq.
***
11:45
SSRİ-nin və Rusiyanın Xalq rəssamı, monumentalist, heykəltəraş Zurab Seretelinin cənazəsi Moskvadan Tbilisiyə gətirilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, rəssamla onun adını daşıyan Müasir İncəsənət Muzeyində iki gün ərzində vida mərasimi keçiriləcək.
Z.Sereteli aprelin 26-da vəsiyyətinə uyğun olaraq Tbilisidəki Didube panteonunda,1998-ci ildə vəfat etmiş həyat yoldaşı İnessa Andronikaşvilinin yanında dəfn olunacaq.
Xatırladaq ki, Z.Sereteli aprelin 22-də ürək dayanmasından 91 yaşında vəfat edib. Dünya şöhrətli rəssamla Moskvada da vida mərasimi təşkil olunub.