BAKI, 15 noyabr. TELEQRAF

Avropa İnsan Haqları Məhkəməsi (AHİM) Ermənistanı müxalifət fəalına qarşı təhlükəsizlik təzyiqlərinə görə məsuliyyətə cəlb edib.

Teleqraf xəbər verir ki, AİHM “Manukyan Ermənistana qarşı” işində Ermənistanın təhlükəsizlik orqanlarının müxalifət fəalına qarşı hərəkətlərini şəxsi həyata qanunsuz müdaxilə hesab edib.

Məhkəmə 13 noyabr 2025-ci il tarixli qərarında müəyyən edib ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşı ərizəçi Hrayr Manukyan haqqında şəxsi məlumatlar toplayıb, onu gizli əməkdaşlığa cəlb etmək üçün təhdidlərdən istifadə edib və bu iddialar üzrə səmərəli araşdırma aparılmayıb.

Məlumata görə, 2014-cü ildə müxalif fəal Manukyan MTX əməkdaşı ilə görüşüb. Söhbət zamanı təhlükəsizlik əməkdaşı ona dövlətlə əməkdaşlıqdan imtina etdiyi halda, gələcəyi, karyerası, yaxınları üçün ciddi tədbirlər görüləcəyi ilə hədələr səsləndirib. Bu görüş barədə gizli səs yazısı sonradan mediada yayımlanıb.

Manukyan iddia edib ki, onun şəxsi həyatı ilə bağlı məlumatlar toplanıb, bu məlumatlardan təzyiq aləti kimi istifadə olunub, həmçinin təhdidlərdən sonra ölkəni tərk etməyə məcbur qalıb. O, 2016-cı ildə Niderlandda sığınacaq alıb.

Ərizəçi prokurorluğa cinayət haqqında məlumat versə də, Ermənistan hüquq-mühafizə orqanları MTX əməkdaşının hərəkətlərində cinayət tərkibi görməyib və işə xitam verib. AİHM isə qeyd edib ki, səs yazısının məzmunu açıq şəkildə ciddi təhdid və təzyiqlərə dəlalət edir, lakin nə MTX daxilində, nə də prokurorluq xətti ilə araşdırma aparılmayıb.

Məhkəmə müəyyən edib ki, ərizəçinin şəxsi həyatı haqqında məlumatların toplanması və saxlanılması, habelə MTX əməkdaşının təhdid xarakterli davranışı Avropa Konvensiyasının 8-ci maddəsinin (şəxsi və ailə həyatına hörmət hüququ) pozulmasına gətirib çıxarıb. Həmçinin, bu şikayətlə bağlı səmərəli araşdırma aparılmadığı üçün dövlətin müsbət öhdəliklərinin pozulduğu vurğulanıb.

Qərara əsasən, Ermənistan dövləti ərizəçiyə mənəvi ziyana görə 5 min avro kompensasiya ödəməlidir.