BAKI, 29 oktyabr. TELEQRAF

Paşinyan həbs olunsaydı, rusların köməyi ilə müharibə daha tez dayandırılardı.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş milli təhlükəsizlik naziri Mikael Hambardzumyan "NEWS.am"a müsahibəsində bildirib.

"Aydın idi, biz uduzurduq. Müharibənin, döyüşlərin niyə dayandırılmadığı, əsl məqsədin nə olduğu mənim üçün anlaşılmaz idi", - Hambardzoutmyan istefası ilə bağlı suala toxunarkən deyib.

O əlavə edib ki, Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyətdə qala bilsə, Ermənistan Azərbaycanın birbaşa təsiri altına düşə bilər: "Bu o demək deyil ki, gəlib bizi evimizdə qıracaqlar. Bu o deməkdir ki, yumşaq güc təzyiqi daha da artacaq. Dostluq prosesi başlayacaq, bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər, onların zəmanətləri olacaq və bu, dövlət səviyyəsində olacaq. Əhali balansı dəyişməyə başlayacaq, azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. Biz özümüzdən asılı olmayaraq, kağız üzərində bir müddət qala bilərik. Azərbaycanın əyalətinə çevriləcəyik”, - Hambardzumyan bildirib.

Keçmiş nazir dostluğun tərəfdarı olduğunu, lakin güclülərin zəiflərlə ədalətli dostluq edə biləcəyinə inanmadığını qeyd edib.

Xatırladaq ki, Hambardzoutmyan 2020-ci il oktyabrın 8-də milli təhlükəsizlik naziri təyin edilib və noyabrın 7-də vəzifəsindən azad edilib.