BAKI, 8 iyul. TELEQRAF
Ermənistan Parlamentində təhlükəsizlik əməkdaşları, deputatlar və onların köməkçiləri arasında insident baş verib. Hadisə zamanı fiziki qarşıdurma qeydə alınıb.
Teleqraf xəbər verir ki, parlamentin vitse-spikeri Ruben Rubinyan gərginlik səbəbindən iclasa fasilə elan edib.
Müxalif "Hayastan" (Ermənistan) fraksiyasının deputatı Kristine Vardanyanın sözlərinə görə, qarşıdurma deputat Artur Sarkisyanın çıxışından sonra zalı tərk etmək istədiyi vaxt başlayıb. O bildirib ki, Sarkisyan ailəsi ilə bir neçə saat vaxt keçirmək üçün iclas zalından çıxmaq istəyib, çünki həmin gün onun deputat toxunulmazlığı ləğv ediləcəkdi.
“Vağe Qalumyan (hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat) ona arxadan hücum etdi", – o qeyd edib.
Onun sözlərinə görə, hücumda hakim partiyanın digər deputatlarının köməkçiləri də iştirak ediblər.
Hadisə parlamentdə ciddi gərginliyə səbəb olub.