Ermənistanın KTMT-yə üzvlüyünü dondurmaq qərarı həmin strukturun işini ciddi şəkildə poza bilməz, amma bu, qurumun Cənubi Qafqazdakı mövqeyini zəiflədəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

“Düşünmürəm ki, İrəvanın belə bir addımı qurumun işini ciddi şəkildə poza bilər, çünki qurum tam stabildir. Əlbəttə, bu, KTMT-nin Cənubi Qafqazda mövqelərinin zəifləməsi demək olacaq”, - diplomat vurğulayıb.

Qrızlovun sözlərinə görə, əsas sual Ermənistanın bu şərtlər daxilində siyasətini necə quracağı ilə bağlıdır:

“Anlamaq lazımdır ki, Qərbin Cənubi Qafqazdakı bütün hərəkət və proqramları region ölkələrinə qayğı ilə əlaqədar deyil. Vaşinqton və Brüssel konstruktiv əməkdaşlığa can atmır, bölgə ölkələrini öz geosiyasi avantürasına cəlb etməyə çalışır. Bunun Ermənistana təhlükəsizlik gətirəcəyi ritorik sualdır”.

O əlavə edib ki, KTMT-yə üzv dövlətləri bir-birindən ayıra biləcək istənilən addım böyük yanlışdır: “Təşkilat daxilində hər cür məsələlərin həlli ilk baxışdan mürəkkəb görünsə belə, müzakirə və həlli yollarının tapılmasına imkan verən effektiv mexanizmlər var”.