Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkatın aydın gündəmi yoxdur, bu səbəbdən də gülünc vəziyyətə düşüb.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.

Onun sözlərinə görə, hərəkatın minimum vəzifəsi cəmiyyətdə parçalanma yaratmaq, maksimumu isə hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Dallakyan istisna etmir ki, revanşistlərin məqsədləri Rusiyanın maraqlarına uyğundur:

“Niyə dəqiq bir gündəmləri yoxdur? Çünki Rusiya hələ də qərarsızdır? Məsələn, Zatulin deyir: “Bu qüvvələrin Paşinyanı aradan götürmək gücü yoxdur, buna görə də onlarla əməkdaşlıq etməyə davam etməliyik, Ermənistan hələ də KTMT və Avrasiya İqtisadi Birliyindədir”.

Görsələr ki, Paşinyan Qərbə doğru kəskin dönüş edir, onlar da arxalarında kütlə toplaya bilmirlər, bəlkə terrora əl atacaqlar, polislə qarşıdurmada qan töküləcək, insanlar öləcək, ölkədə böhran yaranacaq”.

Ekspertin fikrincə, təşkilatçılar hərəkata siyasi cəhətdən düzgün rəhbərlik edə bilmirlər, Rusiyanın adının hallanması da prosesə marağı azaldıb:

“Hərəkatı dəstəkləyən qüvvələr getdikcə passivləşdilər, Hayrikyan məyus oldu, Respublikaçı Partiyası (Serj Sərkisyan) qəbuledilməz qüvvələrin olduğunu və birləşməyəcəklərini açıqladı. Bundan başqa, namizədləri (Baqrat) anlaşılmazdır, çıxışları qeyri-ciddidir. Bunu anlayaraq, ya anlamadan edir, bilmirik”.

Dallakyan hesab edir ki, əvvəl din xadimi, indi də “siyasətçi” olan Baqrat Qalstanyan bütün qırmızı xətləri keçib. Bu aksiyaların nə vaxta qədər davam edəcəyinə gəlincə, politoloq bunu Rusiyanın qərarı ilə əlaqələndirir.