Din adamı, yoxsa sekulyar şəxs olduğu bilinməyən bir din xadiminin (keşiş Baqrat Qalstanyan) rəhbərlik etdiyi “hərəkat” bir qruplaşmanın (erməni kilsəsi) anlaşılmaz özfəaliyyətinə çevrilib.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Edqar Arakelyan deyib.

“Ən müxtəlif yollarla cəmiyyətin diqqətini cəlb etməyə, prosesin getdiyini göstərməyə çalışırlar. Bu, əslində məqsədsizliyin, gündəmin olmamasının və təxribatlara getmək cəhdlərinin təzahürüdür. Ermənistan hakimiyyətinin bu təxribatlara boyun əyməməsi xoşdur”, - ekspert bildirib.

Dünən Qalstanyan “Respublika Günü” ilə əlaqədar Baş nazir Nikol Paşinyanın “Sardarapat” memorialına getməsini əngəlləməyə çalışıb. Amma bu cəhdi baş tutmayan keşiş dəstəsi ilə İrəvana qayıdıb. Məsələ budur ki, katalikos II Qaregin də heç bir rəsmi dəvət olmadan Paşinyan orada olarkən memoriala daxil olmaq istəyib.

Politoloq qeyd edib ki, Qaregin yavaş-yavaş katolikosdan sıravi fəal və təxribatçıya çevrilir:

“Məncə, dövlət Qaregini bu dövlət mərasiminə dəvət etməyib, o da mərasimə kölgə salmağa çalışıb. O, katolikosdan orta səviyyəli fəal və təxribatçıya çevrilib, çünki baş verənlər təxribatın aşkar təzahürüdür. Belə bir deyim var: nə əksən, onu biçərsən. Qaregin öz arxiyepiskopu ilə Ermənistan hökumətinin “Sardarapat”a girişini bağlamağa çalışdı, amma bu, o qədər çətin idi ki, sadəcə “Sardarapat”ın qapısına qədər gələ bildilər. Bu həm də simvolik məna daşıyır ki, kilsənin başlatdığı bu cür proseslər geniş kütlələr arasında dəstək tapmır. Başqası üçün qazdığı çuxura özü düşdü”.

Arakelyan vurğulayıb ki, katolikosun başçılıq etdiyi bu təxribatçı prosesin əsl təşkilatçısı Rusiyadır.

“Prosesə başladığı andan Qalstanyanın həm polis, həm də ayrı-ayrı şəxslərə ünvanladığı lüğət və nifrət sözləri bu ana qədər bəlkə də heç bir siyasətçi və şəxs özünə yaraşdırmayıb. Məhz həmin din xadimlərindən ibarət kütlə, başqa sözlə, Qareginin başçılıq etdiyi xunta belə davranır, təhqir və küfr etməyə çalışır.

II Qaregin öz ətrafı ilə unikal dini xuntaya çevrilib. 2018-ci ildə bir xuntadan (Sərkisyan-Köçəryan klanı) xilas olduq, bu gün biz şimaldan (Rusiya) gələn göstərişlər naminə Ermənistan dövlətçiliyinə qarşı mübarizə aparan sekulyar liderlərin siyasi maraqlarına xidmət edən dini xuntadan qurtulmalıyıq. Rusiyanın rəsmi açıqlamaları və televiziyaları nə baş verdiyini açıq göstərir”.