Rusiya Ermənistanda vəziyyətin sabit olmasında maraqlıdır. Moskva orada istənilən hökumətlə işləyəcək, əsas odur ki, insan itkisi olmasın.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federal Şurasının Beynəlxalq Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib.
“Mayın 27-də səhər saatlarında Ermənistanın müxtəlif bölgələrində müntəzəm etiraz aksiyaları başlayıb. Etirazçılar Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin demarkasiya prosesi ilə əlaqədar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər”, - rusiyalı siyasətçi Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiyada vəziyyət diqqətlə izlənir, çünki Ermənistan KTMT-də tərəfdaşdır, baxmayaraq ki, son vaxtlar İrəvan təşkilatdan çıxmaq barədə çox danışır:
“Bundan əlavə, Avrasiya İqtisadi Birliyinin üzvüdür. Hələlik görürük ki, Paşinyan həm seçkilər, həm də İkinci Qarabağ Müharibəsindən sonra hakimiyyəti əlində saxlayır və kifayət qədər güclü mövqelərə malikdir. Biz respublikada sabitlikdə maraqlıyıq. Rusiya Ermənistanda istənilən hökumətlə işləməyə hazırdır, əsas odur ki, orada itki olmasın.
Rusiya həmişə söyləyir ki, biz Ermənistanın təbii müttəfiqiyik, ümid edirik ki, gələcəkdə də belə qalacağıq.
Bizi bir-birimizdən ayırmaq cəhdinin ən dəhşətli nəticələri Ermənistanın özü üçün olacaq, çünki ermənilərin Rusiyadan sadiq müttəfiqi yoxdur”.