BAKI, 23 fevral. TELEQRAF
Naxçıvanda 25 MVt gücündə “Şəms 1” günəş elektrik stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin 25 MVt gücündə “Qərbi Üfüq” günəş elektrik stansiyası layihəsi üzrə “Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalanıb.
Energetika Nazirliyindən Teleqraf-a verilən məlumata görə, müqavilələr nazir Pərviz Şahbazov, “Azərenerji” ASC, Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azerbaijan Green Enerji Company” (AGEC), “CEI Naxçıvan” MMC, “Nobel Energy” və “Enerso” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə imzalanıb.
Görüşdə nazir Pərviz Şahbazov bildirib ki, hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 faiz, istehsalında isə 36,4 faiz təşkil edir:
"Naxçıvanda bərpa olunan enerji sahəsində özəl investisiyanın ilk nümunələri olan, ümumi investisiya dəyəri 60 milyon manatdan çox təşkil edən “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyaları bölgədə “yaşıl inkişaf” modelinin formalaşmasına mühüm töhfə verəcəkdir.”
Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev isə Naxçıvanda yaradılacaq yeni güclərin iqtisadi inkişafa, gələcəkdə qonşu ölkələrə və Avropaya enerji ixracına da təkan verəcəyi qeyd edilib.
Yekunda Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “CEI Nakhchivan” MMC arasında Naxçıvanda 25 MVt gücündə “Şəms 1” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Həmçinin Azərbaycan Respublikası Hökuməti və “Azərenerji” ASC ilə “Enerso” MMC arasında 25 MVt gücündə “Qərbi Üfüq” Günəş Elektrik Stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Şirkətlərlə stansiyalar üzrə investisiya müqavilələri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev tərəfindən imzalanıb.
Bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 122 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 26 milyon kubmetr qaza qənaət edilməsinə, 57 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.
*** 13:47
Naxçıvanda 25 MVt gücündə “Şəms 1” günəş elektrik stansiyası layihəsi üzrə “CEI Nakhchivan” MMC, həmçinin 25 MVt gücündə “Qərbi Üfüq” günəş elektrik stansiyası layihəsi üzrə “Enerso” MMC ilə investisiya, enerji alqı-satqı və ötürücü şəbəkəyə qoşulma müqavilələri imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında paylaşım edib.
"Ümumi investisiya dəyəri 60 milyon manatdan çox olan bu layihələr Naxçıvanın yaşıl enerji zonası kimi inkişafı istiqamətində özəl investisiyalar hesabına atılan mühüm addımdır," - deyə nazir qeyd edib.