BAKI, 20 fevral. TELEQRAF
2025-ci il ərzində Azərbaycanda qaz kondensatı ilə birlikdə ümumilikdə 27,7 milyon ton neft hasil edilib. 2024-cü illə müqayisədə hasilatda 4,48% azalma olub.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.
Məlumata görə, hasilatın 7,1 milyon tonu Dövlət Neft Şirkəti (SOCAR), 16,2 milyon tonu Azəri-Çıraq-Günəşli, 0,6 milyon tonu Abşeron, 3,8 milyon tonu isə Şahdəniz yataqlarının payına düşüb.
Hesabat ilində 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub (5,33% azalma). İxracın 20 milyon tonu Konsorsium, 3,1 milyon tonu SOCAR tərəfindən BTC kəməri ilə, 3 min tonu isə Konsorsium tərəfindən Qərb kəməri ilə həyata keçirilib.
Bu dövrdə ölkə üzrə 51,5 milyard kubmetr qaz hasil edilib (2,18% azalma). Qaz hasilatının 7,9 milyard kubmetri SOCAR, 14,1 milyard kubmetri Azəri-Çıraq-Günəşli, 1,6 milyard kubmetri Abşeron, 27,9 milyard kubmetri isə Şahdəniz yataqlarının payına düşüb.
2025-ci ildə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib (0,40% azalma). İxracın 9,6 milyard kubmetri Türkiyəyə, 12,8 milyard kubmetri Avropaya, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya göndərilib.
Bundan əlavə, 2025-ci il ərzində Azərbaycanda 6,2 milyon ton neft emal edilib. 2024-cü illə müqayisədə ötən il neftin emalı 6,90% artıb.