BAKI, 20 fevral. TELEQRAF
2025-ci ildə “Azərenerji” ASC-yə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 4595 milyon kub metr təbii qaz sərf edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin illik hesabatında qeyd edilib.
Bildirilib ki, 2025-ci il ərzində 1 kilovat-saat elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2024-cü illə müqayisədə 254,3 qr/kVt·st-dan 235,7 qr/kVt·st-a qədər (18,6 qr/kVt·st) azalıb. Bu da 412 min ton şərti yanacağa qənaət deməkdir. 2025-ci ildə respublika üzrə elektrik enerjisinin istehlakı 24 milyard 557 milyon kilovat saat təşkil edib. Nəticədə istehlak 2024-cü illə (24 088,3 milyon kilovat saat) müqayisədə 468,7 milyon kilovat saat (1,9%) artıb.
Hesabat dövründə ölkənin enerji sistemində qoyuluş gücü 9732,5 MVt (107 stansiya) təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1317,5 MVt (15,6 %) artım deməkdir.
Elektroenergetika sistemində ümumi gücü 7903 MVt olan 24 istilik elektrik stansiyası, ümumi gücü 1443,5 MVt olan 65 su elektrik stansiyası (46 ədədi kiçik su elektrik stansiyası), ümumi gücü 63,5 MVt olan 5 külək elektrik stansiyası, ümumi gücü 278,2 MVt olan 9 günəş elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları (BİO) elektrik stansiyası, ümumi gücü 7,3 MVt olan 3 ədəd hibrid (günəş, külək və bioqaz) elektrik stansiyası fəaliyyət göstərir.
Su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1829,6 MVt-dır ki, bu da ümumi gücün təqribən 18,8 %-ni təşkil edir.