BAKI, 23 yanvar. TELEQRAF
2026-cı ildə "Title Transfer Facility" (TTF) qaz habında qiymət əvvəlki illə müqayisədə 20% azala bilər.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Qlobal Qaz Bazarı” adlı hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, mayeləşdirilimiş təbii qazın (LNG) tədarükünün daha sürətlə artması fonunda 2026-cı ildə Asiya və Avropada təbii qazın qiymətləri enə bilər. Xüsusilə TTF habında qiymətlərin 20% azalaraq 1 milyon BTU üçün 9,5 dollardan bir qədər aşağı olması gözlənilir.
Eyni zamanda, Asiyada JKM indeksi üzrə LNG-nin spot qiyməti də 20% azalaraq 1 milyon BTU üçün 9,5 dollar olacağı proqnozlaşdırılır.
IEA-nın qiymətləndirməsinə görə, ABŞ-də “Henry Hub” habında qazın qiyməti bazarın fundamental göstəricilərinin pisləşməsi fonunda 5% artaraq orta hesabla 1 milyon BTU üçün 3,7 dollar təşkil edəcək.
Qeyd edək ki, ötən il Avropada spot qazın qiyməti 9% artaraq bir milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 12 dollara çatıb. Asiyada qiymət 2% yüksələrək təxminən eyni səviyyədə – 12 dollar olub. ABŞ-də isə daha kəskin artım qeydə alınıb (50%), nəticədə qiymət 3,6 dollara yüksəlib.