BAKI, 21 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan 22 milyard 804 milyon 183,89 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 8 milyard 821 milyon 258.79 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən il ilə müqayisədə 2,27% azalsa da, dəyəri 4,93% artıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 35.22% olub.

İxrac edilən neftin həcminə gəlincə, 12 milyard 91 milyon 147.47 min dollar dəyərində 23 milyon 381 min 284.82 ton xam neft və xam neft məhsulları satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 0,91% çox, dəyəri isə 16.2% azdır.

Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48.28% olub.