BAKI, 15 yanvar. TELEQRAF

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar azalmaqda davam edir və tarixi minimum səviyyəsinə yaxınlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.

Bildirilib ki, yanvarın 12-nə anbarların doluluq səviyyəsi 53%-ə enib və anbarlarda 53,9 milyard kubmetr qaz qalıb. Bu göstərici Avropanın qaz anbarları üçün ən sərt mövsüm hesab olunan 2017–2018-ci illərin qış mövsümü ilə müqayisədə 4,1 milyard kubmetr azdır.

Məlumata görə, Niderlandda yeraltı qaz anbarlarının doluluq səviyyəsi artıq 40%-dən aşağı düşərək 39,5% təşkil edib. Bu ölkənin anbarlarında ehtiyatlar yalnız 2021–2022-ci illər mövsümündə bundan daha aşağı səviyyədə olub.