BAKI, 14 yanvar. TELEQRAF

2025-ci ilin noyabrında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 6,81% artıb.

Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, Azərbaycan Türkiyənin qaz idxalında üçüncü olub.

Ötən ilin noyabrında Azərbaycandan Türkiyəyə 1 milyard 36,25 milyon kub metr təbii qaz ixrac edilib.

ABŞ Türkiyənin ən böyük tərəfdaşı olub. Bu ölkədən 1 milyard 227,30 milyon kub metr mayeləşdirilmiş təbii qaz (LNG) alınıb.

Qonşu ölkənin digər tədarükçüsü olan Rusiyadan 1 milyard 204,89 milyon kub metr təbii qaz alınıb. 2024-cü illə müqayisədə tədarükdə 55,84% azalmaya baxmayaraq, Rusiya Türkiyənin ikinci ən böyük tərəfdaşı olub.

Türkiyə bir sıra digər ölkələrdən də LNG idxal edib. Əlcəzairdən 367,79, Seneqaldan 100,94, Ekvatorial Qvineyadan 105,53, Mavritaniyadan 105,50, Trinidad və Tobaqodan isə 102,33 milyon kub metr LNG alınıb.

Beləliklə, Türkiyənin qaz idxalında ABŞ 24,36%, Rusiya 23,92%, Azərbaycan 20.57%, İran 17,64%, Əlcəzair 7,30%, Mavritaniya və Ekvatorial Qvineya 2,09%, Trinidad və Tobaqo isə 2,03% paya sahib olub.

Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.