BAKI, 14 yanvar. TELEQRAF

BP Azərbaycan-Gürcüstan-Türkiyə bölgəsindəki əməliyyatlarında qazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşma nəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyat xərclərini optimallaşdırıb.

"BP-Azerbaijan"dan Teleqraf-a verilən məlumata görə, BP mütəxəssisləri tullantı qazma məhlulunun təkrar emal və təkrar istifadə üçün yararlı olub-olmadığını müəyyən etmək üçün məlumat əsaslı metod hazırlayıb:

"Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək 7000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həm qazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarət tələb edir. Xüsusi hazırlanmış qazma məhlulları təzyiqin idarə olunmasında, şlamların daşınmasında, qazma baltasının soyudulmasında və yağlanmasında mühüm rol oynayır. Bu məhlullar BP-nin qabaqcıl qazma məhlulları müəssisəsində (AFF) qarışdırılır, sınaqdan keçirilir və idarə olunur. Tullantı qazma məhlulu da toplanaraq emal və utilizasiya üçün bu müəssisəyə qaytarılır.

BP mütəxəssislərinin hazırladığı metodda ağıllı sınaq və avtomatik təhlildən istifadə olunur. Bu yeni proses tullantı məhlulun təhlil müddətini 90 dəqiqədən cəmi 15 dəqiqəyə endirir və beləliklə sürətli və etibarlı nəticələr əldə edilməsinə və qazma əməliyyatlarının cədvələ uyğun davam etməsinə imkan yaradır. Əldə olan keçmiş məlumatlar və yalnız 2-3 əsas keyfiyyət göstəricisindən istifadə etməklə bu proqnozlaşdırıcı model 93–94% dəqiqliklə işləyir və buna görə də məhlulun təkrar istifadə yararlılığı haqqında əminliklə və vaxtında qərar qəbul etməyə imkan yaradır", - məlumatda deyilir.

Bildirilib ki, bu yanaşma nəticəsində 2023-cü ildən bəri 20 000 bareldən çox qazma məhlulu təkrar emal edilib, doklarda tullantıları gözləyən gəmilərin boş dayanma vaxtı azalıb, tullantının tərkibindəki neft təkrar istifadə üçün ayrılıb və bu yanaşma bp-nin qlobal əməliyyatlarında tətbiq edilməyə başlayıb.