BAKI, 12 yanvar. TELEQRAF

2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib.

Bu barədə Teleqraf-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxın kondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3 milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.