BAKI, 12 sentyabr. TELEQRAF
Azərbaycanda kondensatın hasil edildiyi əsas yataqlar olan “Şahdəniz”, “Abşeron” və “Ümid” yataqlarından avqustun 1-dək 53,8 milyon ton kondensat hasil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu həcmin 50,8 milyon tonu “Şahdəniz”, 1,2 milyon tonu “Abşeron”, 1,8 milyon tonu isə “Ümid” yatağının payına düşüb.
Eyni zamanda, ötən il ölkə üzrə ümumi neft hasilatının 18,2%-i kondensatın payına düşüb.
Qeyd edək ki, kondensat təbii qazla birlikdə hasil olunan, maye halında karbohidrogen qarışığıdır. Yüksək təzyiq və temperatur şəraitində yeraltı qaz yataqlarında əmələ gəlir.