BAKI, 25 avqust. TELEQRAF
Qarabağ Universitetini seçən yüksək bal toplamış abituriyentlərin sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov məlumat yayıb.
Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən açıqlanan ilkin məlumatlara əsasən Qarabağ Universitetinə qəbul olunanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb.
"Cari ildə 600-dən yüksək bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb. Bu göstərici ötən il 101 nəfər olub", - məlumatda bildirilib.
Eyni zamanda cari ildə Respublika fənn olimpiadalarının 5 qalibi Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunub. Ötən il bu göstərici isə 1 nəfər idi.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, Qarabağ Universitetinin tələbəsi adını qazanan 205 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanında 501-600 bal, 281 nəfər isə 401-500 aralığında nəticə göstərib. Beləliklə, 500+ bal toplayan 332 abituriyent, 400+ bal toplayan 613 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.
Universitet üzrə ən yüksək qəbul göstəricisi 683,9 balla “Tibb” ixtisasına qəbul olunan tələbəyə məxsusdur.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlamış Qarabağ Universitetində tələbə qəbulu üzrə başlıca məqsəd ayrı-ayrı ixtisaslarda orta qəbul balını artırmaqla universitetə yüksək keyfyyətli tələbə kontingentini cəlb etməkdir.
Qarabağ Universitetində tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.