BAKI, 20 avqust. TELEQRAF
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, nəticələrə uyğun olaraq qəbul olan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılıb.
Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini 20 avqust tarixindən başlayaraq 25 avqust saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcəkdir.
"Nəzərinizə çatdırmaq istəyirik ki, şəxsi işlərin təhvil verilməsi zamanı valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin çıxdığı məktəbə təqdim edərək, şagirdin sənədlərini almalı və cari müəssisəyə təqdim etməlidir", - məlumatda qeyd olunub.