BAKI, 14 avqust. TELEQRAF

“Azərbaycan Tibb Universiteti (ATU) publik hüquqi şəxsdir. Publik hüquqi şəxsə çevrilmək universitetin əksər xərclərinin öz üzərinə düşməsi, yüklənməsi deməkdir. Universitetin iki əsas klinikası dotasiyalı , yəni universitetin hesabına fəaliyyət göstərir".

Bu sözləri Teleqraf-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla ATU-da təhsil haqqının artırılmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu baxımdan təhsil haqqının artırılması iradı haqlı deyil:

“Universitetin 2 min nəfərdən çox professor-müəllim heyəti var. Həmçinin texniki işçilər, kommunal xərclər var və başqa digər xərclər mövcuddur. Bütün bunlar, təhsil prosesi daim xərc aparan prosesdir. Universitetin yeganə gəlirləri hələlik tələbə ödənişləridir. Dünyada universitetlərin reytinqi əsasən tədqiqat işlərinə görə müəyyən edilir. ATU dünya səviyyəli tədqiqatlara başlasa, əlbəttə bu xərclər xeyli artırılmalı olacaq. Ona görə də hələlik situasiya budur. Təhsil haqlarının artırılması təbii və məntiqli görünür”.

Adil Qeybulla hesab edir ki, bütün bunların tələbənin üzərinə yüklənməməsi , tələbənin əziyyət çəkməməsi üçün dövlətin müəyyən qurumları lazimi tədbirlər görməlidirlər:

“Sosial müdafiə fondları, tələbə kredit fondları olmalıdır ki, tələbələr ondan istifadə edərək ödənişləri həyata keçirə bilsinlər. Dünyanın əksər universitetləri ödənişlidir. Bu əsasən tələbənin ödənişləri ilə formalaşır. Universitetin digər bütün xərcləri bunun hesabına həyata keçirilir. Universitetlərin müstəqil olması bu baxımdan vacibdir ki, özü-özünü maliyyələşdirsin, heç bir qurumda asılı olmasın, müstəqil tədris həyata keçirsin. Tələbələrin mənafeyini qoruyuruqsa, dünyanın getdiyi yolla getməliyik. Tələbələrə sosial müdafiə imkanları yaradılmalıdır”.

Sabiq deputat Etibar Əliyev də universitetdə təhsil haqlarının artırılmasına münasibət bildirib.

O, sosial şəbəkə hesabında Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqlarının artırılmasını tənqid edib:

“İndi oxudum ki, Tibb Universitetində Tibb ixtisasının illik təhsil haqqı 2000 manat artırılıb. Yəni təhsil haqqı 6500 manat olub. Səmimiyyətimə inanın, Gərayın, Teymurun, Vüqarın əziz canı üçün (mən humanist adamam, onların ölmüşünə demirəm) indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz… Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir.

Əkələr, gedin klinikalardan qazandığınız milyonlardan müəllimə əmək haqqı verin. Kasıbı borca salmayın…Orta məktəblərdə təhsil olmadığına görə kasıb təbəqə onsuz da borc xərc edib əlində olanı repetitora xərcləyib”,- paylaşımda yazılıb.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üçün Azərbaycan Tibb Universitetinin ixtisaslarının təhsil haqqı artırılıb. Tibb ixtisası üçün 6500 manat, stomatologiya ixtisası üçün 6000 manat , əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 manat müəyyənləşib.