BAKI, 14 iyul. TELEQRAF

“Yalnız ali məktəbləri seçən abituriyentlər də var. Onlar üçün ixtisasın fərqi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, abituriyentlər var ki, yalnız ali təhsil müəssisələrinə daxil olmağı qarşıya məqsəd qoyublar və ixtisas seçimi onlar üçün o qədər də önəmli deyil.

M.Abbaszadə ali təhsil müəssisələrinin qəbul planlarının ilk onluğunu da açıqlayıb. Siyahıya Bakı Dövlət Universiteti, Dövlət İqtisad Universiteti, Neft və Sənaye Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Dövlət Aqrar Universiteti daxildir.