BAKI, 14 iyul. TELEQRAF
“2016-cı ildən bəri paytaxtda və rayonlarda təhlillər aparılır. Pedaqoji ictimaiyyətin iştirakı ilə keçirilən bu təhlillər çox önəmlidir”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin mətbuat katibi Xanlar Xanlarzadə 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, birinci mərhələ üçün 100-ə yaxın şəxs qeydiyyatdan keçib:
“İllər üzrə aparılan bu təhlillər nəticəsində artıq böyük bir məlumat bazası formalaşıb. Bu ildən etibarən isə biz canlı müzakirələrə başlamağa qərarı verdik”.
Qeyd edək ki, müzakirələr iyulun 15-də buraxılış, iyulun 16-da magistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davam etdiriləcək.