BAKI, 8 iyul. TELEQRAF

"Jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməsini təklif edirəm".

Teleqraf xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində keçirilən dəyirmi masada edib.

Onun sözlərinə görə, jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr adətən romantik düşüncələrlə gəlirlər.

"Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşıb, reallıqları obyektiv şəkildə çatdırmaq mümkündür", - o əlavə edib.

Q.Məhərrəmli təklif edib ki, jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməlidir:

"Bu sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması bu dəyişikliyi zəruri edir. Klassik fənlərlə müasir jurnalisti yetişdirmək çətinləşdiyindən, proqram həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etməli, istiqamətlər dəqiq müəyyənləşdirilməlidir".

O bildirib ki, "Jurnalistika" adının "Kommunikasiya və jurnalistika" kimi daha geniş və əhatəli bir anlayışla əvəzlənməsi bu sahədəki dəyişiklikləri daha dolğun ifadə edər və ixtisasın məzmununa uyğun olar.