BAKI, 24 iyun. TELEQRAF

"Xoreoqrafiya üzrə qabiliyyət imtahanlarında gün ərzində 70 abituriyent iştirak edir".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) xüsusi növ imtahanların təşkili və idarə edilməsi sektorunun əməkdaşı Günel Qulamova qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə təşkil olunan mediatur zamanı deyib.

Bakıda 189-190 nömrəli tam orta məktəbdə xoreoqrafiya üzrə qabiliyyət imtahanları keçirilir.

23 iyundan başlayan imtahanlar 7 iyul tarixinə qədər davam edəcək. Buraxılış imtahanında minimal 30 bal toplayan abituriyentlər qabiliyyət imtahanına keçid haqqı qazanır.

Abituriyentlər milli rəqs, modern rəqs, baletmeyestr sahələri üzrə hazırladıqları rəqsləri təqdim edir, suallara cavab verib qiymət alırlar.

Bu ixtisas üzrə qiymətləndirmə 10 ballıq şkala ilə aparılır. 6 bal və daha yuxarı nəticə göstərənlər imtahandan keçmiş sayılır.

Abituriyentlər buraxılış imtahanından az bal yığsalar da, qabiliyyət imtahanı nəticələrindən 10 bal toplamaqla ali təhsil müəssisələrinin pulsuz ixtisaslarına qəbul ola bilirlər.