BAKI, 5 iyun. TELEQRAF

Bu gün saat 15:00 -dan etibarən mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi başlayır.

Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, qəbul qaydalarına əsasən seçimlərdə iştirak edə bilmək üçün minimum iştirak balı 10 baldır. Qeydiyyat zamanı seçilən imtahan binası və kitabça dili seçimi sonradan dəyişdirilə bilməz.

Birinci mərhələdə seçim edib qəbul olan şagird həmin təhsil müəssisəsində oxuyacağını təsdiqləmir, sənəd qəbulu zamanı gecikir, sənədlərini həmin liseyə, gimnaziyaya vaxtında təqdim etmir, yaxud oxumaqdan imtina edirsə, onun ikinci mərhələdə iştirakına icazə verilsə də, ikinci mərhələdə qəbul olub hər hansı səbəbdən sənədlərini qəbul olduğu lisey yaxud gimnaziyaya təqdim etməyən şagirdlərin üçüncü mərhələdə iştirakına icazə verilmir.

Birinci mərhələdə 3 (üç) yer seçimi imkanı verilir. Hər 3 (üç) seçimi qeyd etmək zərurəti yoxdur. Şagirdin sənədlərinin qəbul olunduğu liseyə və ya gimnaziyaya təqdim edilməsi əsasən avqustun ilk həftələrində həyata keçirilir. İkinci və üçüncü mərhələdə hər şagirdə 2 (iki) seçim imkanı verilir.

Bu mərhələlər də əsasən avqust ayında keçirilir. Hər 2 (iki) seçimi qeyd etmək zərurəti yoxdur.