BAKI, 1 iyun. TELEQRAF
Bu gün beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı başlayıb.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev imtahan prosesində deyib.
O bildirib ki, Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən “Yüksəliş” müsabiqəsi qara qızılın insan kapitalına çevrilməsi istiqamətində atılmış əsas addımlardan biridir.
F. Hacıyevin sözlərinə görə, eyni zamanda, bu müsabiqə innovativ yanaşmalara əsaslanan, şəffaf və obyektiv seçim mexanizmi ilə ölkənin Kadr Bankının formalaşdırılmasına xidmət edən strateji addımdır.
Qeyd edək ki, İmtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla keçirilir. İdarəetmə bacarıqları üzrə imtahanda Analitik təhlil imtahanından uğurla keçən 1478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb.