BAKI, 15 may. TELEQRAF

"Bakı Dövlət Universitetində jurnalistika təhsilinin məzmun və strukturu yenilənməli, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin müasirləşdirilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir".

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə mediası üçün peşəkar jurnalist kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi BDU-nun qarşısında mühüm vəzifələr dayanır.

"Mövcud çağırışlar, xüsusilə də jurnalistika təhsilinin məzmun və forma baxımından yenilənməsini, müasir tədris texnologiyalarının tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini zəruri edir".

O bildirib ki, mobil kommunikasiya vasitələrinin və sosial media platformalarının üstünlük təşkil etdiyi rəqəmsallaşma dövrünün tələblərinə cavab verən jurnalistlərin hazırlanması prioritet məsələ kimi qarşıya qoyulmalıdır.

"Hazırda universitetimizdə jurnalistika sahəsində yüksək ixtisaslı professor-müəllim heyəti fəaliyyət göstərir. Tələbələrimizin praktik vərdişlərə yiyələnməsi məqsədilə universitetdə müxtəlif dövlət və özəl media qurumları ilə sıx əməkdaşlıq edilir. Belə ki, MEDİA, Audiovizual Şura, Mətbuat Şurası, AZTV, AZƏRTAC, “ARB 24”, “REAL TV”, “Xalq qəzeti” və digər nüfuzlu təşkilatlar və media qurumları ilə davamlı olaraq birgə layihələr həyata keçirilir", - rektor vurğulayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan əhalisinin 80-85 faizi internetdən istifadə edir.

"Bu da kifayət qədər böyük rəqəmdir. Ölkəmizdə rəqəmsal cəmiyyət qurulub. O baxımdan hesab edirəm ki, biz rəqəmsal dünyanın şərtlərinə uyğun adekvat addımlar atmalıyıq".

R. Məmmədov əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə kiber hücumların sayı artıb.

"Biz bir dəqiqədə 10 min hücumun şahidi oluruq", - o qeyd edib.

Konfrans çərçivəsində BDU-nun Jurnalistika fakültəsində Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan “Milli mətbuat tarixi auditoriyası”nın açılışı baş tutub.

Həmçinin “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin, "Media problemləri" jurnalının təqdimatı baş tutub.

BDU-nun professoru Qulu Məhərrəmli qeyd edib ki, jurnalda təkcə azərbaycanlı deyil, 3 türk yazıçısının da yazısı nəşr olunub.

"Jurnal medianın bütün problemlərini ifadə edəcək və oradakı məqalələr universitetin saytında yerləşdiriləcək".