BAKI, 7 may. TELEQRAF

"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platformasının ictimaiyyətə təqdim olunmasından ötən bir ay müddətində 856 nəfər (542 qadın və 314 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 652 nəfər imtahanda iştirak edib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 184 nəfər, magistratura – 168 nəfər, doktorantura – 79 nəfər) üstünlük təşkil edir. Sınaq imtahanı iştirakçıları arasında xarici ölkə vətəndaşları da var.

ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. "Azərbaycan dili ertifikasiya imtahanı"nda iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək.

İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq.

Qeydiyyat və imtahanda iştirak etmək üçün keçid: https://portal.dim.gov.az/azdili/

"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

Qeyd edək ki, DİM sədri jurnalistlərə açıqlamasında nəticələrin yoxlanılıb emal edilməsi üçün 2000 nəfərlik nəticə bazasına ehtiyac olduğunu bildirmişdi.