BAKI, 22 aprel. TELEQRAF
Altı dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 9 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i inzibati vəzifələrin ikinci təsnifatına, 2-si inzibati vəzifələrin üçüncü təsnifatına, 6-sı dördüncü təsnifatına aiddir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan vətəndaşları iştirak hüququna malikdir. Daxili müsahibədə iştirak etmək istəyən namizədlər aprelin 22-dən mayın 6-ı saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.