​BAKI, 8 aprel. TELEQRAF

Azərbaycanda elmin inkişafı dövlətin müəyyən etdiyi əsas prioritet sahələrdən biridir. Lakin bu sahədə həlli vacib məqamlar da mövcuddur.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı” çərçivəsində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, elmin cəmiyyət tərəfindən daha anlaşıqlı və sadə dillə təqdim olunması vacib məsələlərdəndir:

“Elmi o qədər mürəkkəb ifadə edirik ki, bu, onun populyarlaşmasına mane olur. Məncə, elmin dilini sadələşdirmək vacibdir. Xüsusən də məktəblərdə bu daha çox önəm kəsb edir. Çünki gələcək alimlər oradan yetişir”.

Nazir əlavə edib ki, alimlik uzunmüddətli əmək və tələbkarlıq tələb edir:

“Hazırda ölkədə 150-dən artıq elmi müəssisə fəaliyyət göstərir. Elm və təhsilin vəhdətini təşkil etmək vacibdir. Uzun illər bu iki sahənin bir-birindən ayrı olduğu düşünülüb. Halbuki onlar bir-birini tamamlamalıdır”.

Emin Əmrullayev, həmçinin elmi müəssisələrin birləşdirilməsi ilə bağlı ictimaiyyətdə yaranan suallara da aydınlıq gətirib. O bildirib ki, bu istiqamətdə ixtisarlar nəzərdə tutulmur:

“Sərəncama əsasən, bir qisim institutlar birləşdiriləcək. Ancaq burada məqsəd kiminsə həyatını çətinləşdirmək deyil. Cəmiyyəti ən çox düşündürən məsələ budur, lakin ixtisarlar olmayacaq”.