BAKI, 11 mart. TELEQRAF

Martın 9-da keçirilən buraxılış imtahanında 1 nəzarətçi, martın 2-dəki buraxılış imtahanında isə 2 nəzarətçi iştirakçılara kömək etməyə cəhd etdikləri üçün imtahandan kənarlaşdırılıblar. Bu ilk belə hadisə deyil, belə ki, imtahan nəzarətçiləri ilə bağlı problemlər vaxtaşırı gündəmə gəlir.

Dövlət İmtahan Mərkəzi (DİM) imtahanda iştirak edən nəzarətçiləri necə seçir? Zal nəzarətçisi seçilərkən hansı meyarlara diqqət edilir?

DİM-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zal nəzarətçilərinin imtahanlara cəlb edilməsi və təyinatı zamanı bəzi parametrlərə baxılır:

“Yaşayış yeri: zal nəzarətçisi, bir qayda olaraq, faktiki yaşadığı ərazidə yerləşən imtahan binalarına təyin olunur.

İxtisas: imtahan fənləri nəzərə alınaraq müvafiq fənni tədris edən - ixtisasa malik zal nəzarətçiləri prosesə cəlb olunmur.

Yaş: bir zalda yerləşdirilən imtahan iştirakçılarının yaş kateqoriyası nəzərə alınaraq cəlb edilən nəzarətçilərə aşağı və yuxarı yaş məhdudiyyəti qoyulur.

Təcrübə: imtahanların texnoloji çətinlik dərəcəsi, iştirakçıların yaş kateqoriyası və bu kontingenti idarə etmənin psixoloji xüsusiyyətləri nəzərə alınaraq cəlb edilən nəzarətçilərin imtahanlarda iştirak sayına minimum tələb qoyulur.

Yekun qiymət: imtahanların texnoloji çətinlik dərəcəsi nəzərə alınaraq cəlb edilən nəzarətçilərin peşəkarlığından əmin olmaq üçün yekun qiymətinə minimum tələb qoyulur.

Tədris dili: nəzarətçi imtahanda davranış qaydalarını izah etmək və prosesi idarə etmək üçün imtahan iştirakçılarının tədris dilini bilməlidir, xarici dil biliyi: bəzi hallarda nəzarətçilərdən iştirakçının imtahan verəcəyi xarici dili və ya tədris dilini bilmək tələb olunur.

Nəzarətçinin imtahan iştirakçısını tanımaması: zala təyin olunan nəzarətçilər mümkün qədər həmin zalda yerləşdirilən iştirakçıların məzunu olduqları təhsil müəssisələrinin pedaqoji işçilərindən olmamalıdır.

İmtahan zalında yaxın qohumun iştirak edib etməməsi: nəzarətçi zala təyin olunarkən həmin zalda yaxın qohumunun olub olmamasına baxılır”.

Bildirilib ki, ümumi təhsil müəssisələrindən cəlb edilmiş zal nəzarətçiləri və ya zal nəzarətçisi olmağa namizəd şəxslər imtahanlara hazırlıq mərhələsində təlimlərə cəlb edilirlər:

“Həmçinin sınaq imtahanlarında iştirak edir, əsas imtahanlara ehtiyat nəzarətçi kimi təyin olunurlar. Ümumi təhsil müəssisələrindən cəlb edilmiş zal nəzarətçiləri və ya zal nəzarətçisi olmağa namizəd şəxslər təlimlərə cəlb edilərkən bir neçə meyarlar əsas götürülür. Bura prosesə yeni cəlb edilməsi, təcrübəsinin az olması, yekun qiymətinin aşağı olması, zal nəzarətçisi kimi müəyyən müddət fəaliyyət göstərməməsi daxildir. Təlimlər zal nəzarətçisinin bazada qeyd olunan rayonu üzrə, 20-25 nəfərlik qruplarla, Dövlət İmtahan Mərkəzinin əməkdaşları və ya hazırlıq keçmiş xüsusi təlimçilər tərəfindən keçirilir. Təlim zamanı nəzarətçilərə müxtəlif növ imtahanların texnologiyası və prosedur qaydaları, imtahan sənədləri ilə işin xüsusiyyətləri və imtahan zalının idarə olunmasının psixoloji aspektləri öyrədilir. Hazırlıq mərhələsini tamamlayan şəxslər cari imtahanlara cəlb edilir".

"Bu halda zal nəzarətçiləri bazasından çıxarılır"

DİM-dən bildirilib ki, ümumi təhsil müəssisəsinin təqdimatı əsasında elektron qeydiyyatı aparılan yeni zal nəzarətçilərinin təlimlər zamanı tələblərə uyğun olmadığı aşkar edildikdə onlar zal nəzarətçiləri bazasından çıxarılır.

"Zal nəzarətçisi sertifikatı əldə etmək üçün müraciət edən şəxslərin imtahanlara hazırlığı “zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydaları” çərçivəsində həyata keçirilir. Zal nəzarətçisinin xidmət müqaviləsi “intizam məsuliyyətinə dair qaydalar”da göstərilən qaydaları pozduqda daimi və ya müvəqqəti, zal nəzarətçisi fəaliyyəti ilə məşğul olmaq hüququnu itirdikdə daimi dayandırıla bilər".