BAKI, 7 mart. TELEQRAF

Fevralın 13-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 47 namizədlə 56 müsahibənin keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsahibələrin 11 - 17 mart tarixlərində keçirilməsi planlaşdırılır.

"Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur".

Qeyd olunub ki, elan üzrə 9 dövlət orqanında - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində mövcud olan 24 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.