BAKI, 21 oktyabr. TELEQRAF

Süni intellektin inkişafı və kosmosun mənimsənilməsi gələcəkdə ənənəvi pulun iqtisadi əhəmiyyətini itirməsinə səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bunu amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask yazıçı və jurnalist Uolter Ayzeksona müsahibəsində bildirib.

Maskın sözlərinə görə, robot texnologiyalarının inkişafı və kosmosun iqtisadi imkanlarından istifadə bəşəriyyətin istehsal potensialını görünməmiş səviyyəyə çatdıra bilər.

“Əgər robotlarınız və kosmosdan istifadə imkanlarınız varsa, Yer kürəsinin hazırkı iqtisadiyyatından milyon dəfə böyük göstəricilərə nail olmaq potensialınız var”, – deyə o bildirib.

Jurnalistin belə bir şəraitdə pulun əhəmiyyətini itirib-itirməyəcəyi ilə bağlı sualını Mask müsbət cavablandırıb.

“Bəli, pul aktuallığını itirəcək. Valyuta mövcudluğunu davam etdirəcək, lakin düşünürəm ki, onun dəyəri fundamental fiziki göstəricilərlə, mahiyyət etibarilə kütlə, güc və enerji ilə ölçüləcək. Ənənəvi valyutanın əhəmiyyəti qalmayacaq”, – deyə milyarder vurğulayıb.

Mask həmçinin hesab edir ki, süni intellekt və robototexnikanın inkişafı nəticəsində gələcəkdə insanların bu texnologiyalardan daha yaxşı yerinə yetirə biləcəyi fəaliyyət sahəsi qalmayacaq.