BAKI, 26 avqust. TELEQRAF

“Meta” korporasiyası uşaqlara zərər vurulması ilə bağlı qalmaqallı məhkəmə işinin razılaşma yolu ilə həlli imkanlarını ABŞ-nin bir neçə ştatının baş prokurorları ilə müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Kaliforniya ştatının Oklend şəhərində federal məhkəmədə artıq ikinci həftədir davam edən proses şirkət üçün ciddi maliyyə riski yaradır.

“Meta” uşaqların şəxsi məlumatlarını qanunsuz şəkildə toplamaq və istifadə etməkdə, “Facebook” və “Instagram” platformalarına yeniyetmələrdə sosial şəbəkələrdən asılılığın yaranmasına səbəb ola biləcək mexanizmləri bilərəkdən tətbiq etməkdə, həmçinin platformalarının təhlükəsizliyi ilə bağlı istifadəçiləri yanıltmaqda ittiham olunur.

“Bloomberg”in məlumatına görə, “Meta”nın öz hesablamaları göstərir ki, şirkət məhkəmə prosesini uduzacağı təqdirdə təxminən 1,4 trilyon dollar məbləğində cərimələrlə üzləşə bilər. Bu məbləğ korporasiyanın bazar kapitallaşması ilə müqayisə edilə biləcək həcmdədir.

Şirkətin mümkün ödənişlərin həcmini azaltmaq məqsədilə işin məhkəmədənkənar razılaşma ilə yekunlaşdırılmasında maraqlı olduğu bildirilir.

Qeyd edək ki, avqustun əvvəlində ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Meta”nın platformalarının yetkinlik yaşına çatmayan istifadəçilərin psixi sağlamlığına zərər vurması ilə bağlı başqa bir iş üzrə şirkətin 567 milyon dollar ödəməsi barədə qərar çıxarıb.