BAKI, 19 avqust. TELEQRAF
ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin müddəti yarıbayarı azaldılacaq.
Teleqraf xəbər verir ki, bu barədə KBS mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, qərar ABŞ Prezidenti Donald Trampın birgə təlimlərin Şimali Koreyaya “düşmən siqnalı” göndərməsi ilə bağlı açıqlamasından sonra qəbul edilib.
İlkin plana əsasən, Şimali Koreyanın mümkün hücumu ssenarisi üzrə keçirilən təlimlər iki mərhələdən ibarət olmalı idi. Avqustun 17-21-də müdafiə, 23-27-də isə əks-hücum mərhələsinin keçirilməsi nəzərdə tutulurdu.
KBS-in məlumatına görə, ABŞ və Cənubi Koreya hərbçiləri avqustun 18-də təcili müşavirə keçirərək təlimlərin ikinci mərhələsini ləğv etmək qərarına gəliblər.
“Birinci mərhələ başa çatdıqdan sonra ABŞ hərbçiləri geri çəkiləcək. Tərəflər müddətin azaldılması səbəbindən yerinə yetirilməsi mümkün olmayan təlim tapşırıqlarının gələcəkdə keçirilməsi üçün uyğun variant tapmaq barədə razılığa gəliblər”, – Cənubi Koreyanın müdafiə strukturlarındakı anonim mənbə bildirib.
Donald Tramp daha əvvəl Şimali Koreya lideri Kim Çen Inla “çox yaxşı münasibətlərinin” olduğunu xatırladaraq Vaşinqtonun uzun müddətdir Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməsindən narazılığını ifadə edib.
ABŞ Prezidenti “Truth Social” hesabında bildirib ki, bu təlimlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də Şimali Koreyaya “yersiz və düşməncəsinə siqnal” göndərir.