BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp köməkçilərindən bu ilin payızında Şimali Koreya lideri Kim Çen Inla görüşün təşkil edilməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp müşavirləri ilə Asiyaya növbəti səfəri zamanı Kim Çen Inla üzbəüz danışıqlar keçirmək imkanını müzakirə edib.
ABŞ Prezidentinin noyabrda Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün regiona səfər edə biləcəyi bildirilir. Bununla belə, WSJ vurğulayır ki, Tramp-Kim görüşünün rəsmi şəkildə planlaşdırılmasına hələ başlanılmayıb.
Nəşrin yazdığına görə, Tramp mümkün görüşü Şimali Koreya ilə dialoqu bərpa etmək və Pxenyanı nüvə proqramından imtinaya razı salmağa çalışmaq üçün fürsət kimi qiymətləndirir. Bununla yanaşı, bir sıra ekspertlər və ABŞ rəsmiləri liderlərin mümkün danışıqlarından ciddi irəliləyiş gözləmirlər.
Ağ Evdəki mənbə bildirib ki, Tramp və Kim Çen In arasında görüş “uyğun vaxtda” baş tutacaq.
WSJ-nin məlumatına görə, Tramp 2025-ci ildə Asiya turnesi zamanı da Şimali Koreya lideri ilə görüşmək istəyib. Pxenyan həmin vaxt görüşə etiraz etmədiyini Vaşinqtona çatdırsa da, tərəflər qısa müddət ərzində təşkilati məsələləri həll edə bilməyiblər.
Qeyd edək ki, Tramp avqustun 17-də Kim Çen Inın danışıqlar təşəbbüsünə cavab verdiyini və aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Donald Tramp ilk prezidentlik dövründə Kim Çen Inla üç dəfə – 2018-ci ilin yayında, 2019-cu ilin qışında və yayında görüşüb.