BAKI, 19 avqust. TELEQRAF
İsveçdə cəza çəkən məhbusların Estoniyanın Tartu həbsxanasına köçürülməsi prosesinə başlanılıb. Lakin Estoniya tərəfi ilk qrupdakı məhbusların yarıdan çoxunu qəbul etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə İsveçin “Expressen” qəzeti məlumat yayıb.
İlkin olaraq Estoniyaya göndəriləcək qrupa 18 məhbus daxil edilsə də, onların əksəriyyətinin iki ölkə arasındakı razılaşmanın tələblərinə cavab vermədiyi müəyyənləşdirilib.
“Biz müraciətlərin əksəriyyətini rədd etdik. İsveç tərəfinə həmin şəxslərin tələblərə uyğun olmadığını bildirdik”, – Estoniya Ədliyyə Nazirliyinin Həbsxanalar Departamentinin rəhbəri Tiina Unuks deyib.
O, İsveç hakimiyyətini Estoniya həbsxanalarına göndəriləcək şəxsləri seçərkən iki ölkə arasında imzalanmış müqavilənin şərtlərini daha diqqətlə nəzərə almağa çağırıb.
Tallin və Stokholm arasındakı razılaşmaya əsasən, bir il ərzində 600 isveçli məhbusun Tartu həbsxanasına yerləşdirilməsi nəzərdə tutulur. Onların saxlanılması xərclərini İsveç ödəyəcək. Məhbusların sayından asılı olaraq bunun üçün ildə 31-61 milyon avro ayrılacaq.
İsveçli məhbuslara Tartu həbsxanasının daxili qaydaları tətbiq ediləcək. Bununla yanaşı, onlar İsveç həbsxana geyimlərindən istifadə edəcək, İsveç informasiya kanallarına çıxış əldə edəcək və kameralarında televizorla təmin olunacaqlar.
İsveçin Estoniyada həbsxana yerləri icarəyə götürməsi ölkənin penitensiar müəssisələrində yaranmış yer çatışmazlığı ilə əlaqələndirilir.
İki ölkənin parlamentlərinin təsdiqlədiyi müqavilə beş il müddətinə qüvvədə olacaq və onun müddətinin uzadılması mümkündür.